Endourologiya sahəsi urogenital orqanlarda icra olunan endoskopik, laparoskopik və robot yardımlı ilə uroloji əməliyyatları və eyni zamanda radioloji müayinələr altında minimal invaziv proseduraların aparılmasının öyrənilməsini və icrasını özündə birləşdirir. Dünyada ilk dəfə Endouroloji cəmiyyəti 1984-cü ildə yaradılaraq, bu sahədə tədrisin, təlimlərin, tədris vasitələri, jurnallar və məqalələrin çap edilməsinə geniş şəkildə başlanılmışdır. Bununla da Endourologiya sahəsi dünyada daha da sürətlə inkişaf etmiş, endoskopik, laparoskopik, robot yardımlı uroloji əməliyyatların, zərbə-dalğa litotripsiyanın və radioloji müayinələr nəzarəti altında minimal invaziv proseduraların icrasının uroloji praktikada geniş halda tətbiq edilməsinə töhfə vermişdir. Endourologiya sahəsi həm bəd xassəli və də xoş xassəli uroloji patologiyaların müalicəsində günümüzdə əsas aparıcı rol oynayır və bir çoxunun cərrahi müalicəsində “qızıl standart” hesab edilir.