Prostat vəzi nədir?
Prostat vəzi sidiklik və çanaq əzələləri arasında, düz bağırsağın önündə yerləşən orqandır. Sperma kütləsini artırmaq və spermatozoidləri fəallaşdırmaq prostat vəzinin əhəmiyyətli fiziologiyası sırasındadır. Eyakulyasiya zamanı prostat vəzinin ifraz etdiyi sekret sidik kanalına axır. Bir sutkada 0.1 ml – 2.0 ml civarı prostat şirəsi hasil olur. Bununla yanaşı toplam eyakulyatın 25-30% prostat şirəsindən ibarətdir. Prostat vəzi qoruyucu funksiya həyata keçirir. Prostat vəzi həm də əzələli quruluşu sayəsində siyimə aktında iştirak edir. Prostat vəzi ereksiya və eyakulsyasiya zamanı sidik mayesinin sidik kisəsindən kanala çıxmasını əngəlləyir.
Prostat vəzi digər orqanlarla neyrohumoral əlaqəlidir ki, bunun da başlıca səbəbi prostat vəzinin qan təchizatının olmasıdır. Prostat vəzi “kişinin ikinci ürəyi” adlanılır, çünki prostat vəzinin siyimə fəaliyyəti, cinsi əlaqə, müvazinətin qorunmasında böyük rolu var.

Prostatit nədir?
Prostatit, prostat vəzində infeksiya və ya iltihaba səbəb olan faktorlarlarla əlaqədar olaraq yaranan bir xəstəlikdir. Ağrı, yanma, sidik ifrazının pisləşməsi, sidiyin tam boşalmaması (damcı halında sidiyin qalma hissi), sidik ifrazında yanma, tez-tez sidiyə çıxmaq, gecələr sidiyə çıxmaq, bel ağrısı, yorğunluq və.s şikayətlərə səbəb olan prostatit, kişilərin həyat keyfiyyətini önəmli dərəcədə azaldır.
Prostat iltihabı zamanı mikroblar bir başa və ya qan vasitəsilə orqanın toxumasına sirayyət edirlər. Prostatit xəstələrini dəyərləndirmək və müalicə etmək bir o qədər də çətinlik törətmir, lakin ən önəmli xəstəliyin diaqnozunu və klassifikasiyasını təyin etməkdir. Xəstələrin böyük bir qismi müalicənin effekt verməməsi, pelvik ağrı (çanaq və aralıqda-ayaqların arasında) ilə müraciət edirlər. Xəstələrin əksəriyyəti artan və azalan ağrı, sidik ifrazının pozulması, ağrılı və çətinliklə cinsi əlaqədə olmaq və.s şikayətlərlə müraciət edirlər. Ümumiyyətlə, prostatit gənc kişiləri narahat edən bir xəstəlikdir. 50 yaşdan aşağı kişilərdə ən çox qoyulan uroloji diaqnozdur, 50 yaşdan böyük kişilərdə isə 3-cü ən çox uroloji diaqnozdur. Kişilərin 25%-i həyatlarının hər hansı bir dövründə prostatit simptomları olduğunu söyləyirlər.
Prostatitin səbəbləri nələrdir?
İnfeksiyalar: Bakteriyalar (xlamidiya, mikoplazma, trixomonas, qonorreya, viruslar, E.Coli, klebsiella. psevdomonas, enterobakteriya və.s)
Anatomik: Prostaitin başlamasında və inkişafında iki əsas tip anatomik anormallıq rol oynayır – 1-obsturksiya, 2-reflüks. Sidik kisəsinin boynunun böyüməsi, prostat hiperplaziyası (xoş xassəli böyüməsi) və.s faktorlar səbəb olur
Travmatik: Keçirilmiş hər hansı bir travma (pelvik vəya aralıq nahiyədə) prostatit yaranmasına və inkişafına səbəb olur
- İmmunoloji-nevroloji və.s
- Kişiyə tibbi səbəblə kateter (sidik ifrazı üçün) qoyulması
- Anal yolla cinsi əlaqə
- Qəbizlik
Ümumi əlamətləri hansılardı?
- Boşalma sırasında ağrı
- Pelvik bölgədə yayılan və ya eyni anda birdən çox bölgədə hissedilən ağrı
- Sidik ifrazatı və ya sonrasında ağrı
- Tez-tez sidiyə çıxma istəyi
- Təcili sidik ifrazatı istəyi
- Sidik ifrazatının zəif və ya kəsintili olması
- Sidik yolLarında darlıq

Prostatitin hansı növləri var?
- Kəskin bakterial prostatit
- Xroniki bakterial prostatit
- Bakterial olmayan prostatit (xroniki çanaq ağrı sindromu)
- Simptomsuz prostatit
Kəskin prostatit əlamətləri və diaqnozun qoyulması
- Yüksək temperatur, halsızlıq
- Üşütmə
- Qripə bənzər vəziyyət
- Ağrı
- Sidiyə çıxarkən ağrı və yanma hissi
- Sidiyə ifrazatının çətinləşməsi və təziqin azalması
- Sidikliyin tam boşalmama hissi və ya damcı şəkilində axması
- Tez-tez sidiyə getmə
- Sidikdə qanın olması
- Spermada qanın olması
- Cinsi əlaqə zamanı ağrı olması
Diaqnostikaya gəldikdə sidiyin müayinəsində leykositlərin artması, hematuriya (sidikdə qanın olması), bakteriuriya, prostat şirəsinin müayinəsi, rektal müayinə (prostatın ödemli-şişkin olması), USM (ultrasəs müayinəsi) və xəstənin şikayətləri əsasdır.
Kəskin prostatit zamanı müalicə vaxtında aparılmasa prostat vəzinin absesi yarana bilər. Prostat absesi kəskin bakterial prostatitin ağırlaşmasıdır. Şəkərli diabeti olan xəstərdə daha çox rast gəlinə bilər. Rektal (düz bağırsaqdan) USM və ya KT (kompüter tomoqrafiya) ilə dəqiqləşdirilir.
Xroniki prostatit
Prostatitin şikayyətləri 2-3 aydan çox davam etdiyi halda xroniki prostatit formalaşır. Əlamətləri kəskin bakterial prostatitə yaxındır, lakin daha passiv olur. Bəzən prostat vəzidəki kalsinatlar (daşlar) bakteriyaları özlərinə çəkərək xəstəliyin yaranmasında rol oynayırlar. Xroniki prostatit 20-50 yaş arasındakı kişilərin 30% müşahidə edilir. Bəzi xəstələrdə əlamətlər zəif olduğu üçün, aktiv şikayyər olmur, diaqnozu yalnız müayinə zamanı təyin etmək olur. Uzun müddətli xroniki prostatiti olan xəstələrdə cinsi funksiyanın zəifləməsi müşahidə edilir.

Hazırladı: ATU-nun urologiya kafedrasının rezidenti Şəmsəddin Azayev