Böyrək daşı xəstəliyi 

boyrek daşları

Böyrək daşının əmələ gəlmə riskini artıran səbəblər nələrdir?

  • Az maye qəbul ədilməsi: Bu vəziyyətdə böyrək daşı riski artır.
  • Cinsiyyət: Kişilərdə qadınlara nisbətən böyrək daşı xəstəliyi 2-4 dəfə daha çox rast gəlinir
  • Genetika : Ailədə böyrək daşının olması.
  • Daha əvvəl böyrəkdə daşların olması: Bu insanlarda yenidən böyrək daşı əmələ gəlmə əhtimalı yüksəkdir. 
  • Qidalanma: Böyrək daşı əmələ gəlməsində əhəmiyyətli rolu vardır. Zülal, duz və şəkər miqdarının yüksək, lifli qidaların az olduğu bir qidalanma riski artırır. Xüsusilə yeməklərdə duzun çox istifadə edilməsi sidiklə xaric olan kalsiumun miqdarını artıraraq böyrək daşının əmələ gətirir.
  • Daha əvvəl mədə-bağırsaq sistemindən əməliyyat olunması
  • Artıq çəkinin olması
  • Polikistik böyrək və ya başqa böyrək anomaliyasının olması
  • Tək böyrəyin olması
  • Sidikdə sistin, oksalat, sidik turşusu və kalsium miqdarının artmasına səbəb olan xəstəliklərin olması
  • Dərmanlar: kalsium tərkibli mədə qoruyucular, bəzi antibiyotiklər, uzun müddət D vitaminin qəbulu
  • Tez-tez sidik yolu infeksiyası keçirtmək, Crohn xəstəliyi, hiperparatiroidizm və s. xəstəliklərin olması

Böyrək daşının simptomları nələrdir?

  • Böyrək daşının ən əsas simptomu şiddətli ağrıdır. Ağrı bel nahiyyəsində, qabırğaların altında, qarının aşağı hissəsində və qasıqda ola bilər. Ağrı dalğavari da ola bilər. 
  • Sidiyin qoxusunda və rəngində dəyişikliklər
  •  Ürək bulanması və qusma
  • Sidiyə çıxarkən ağrı, göynəmə, yanma, tez-tez sidiyə çıxma hissi də müşahidə edilir
  • İnfeksiya qoşulduqda – temperaturda artış, titrətmə də ola bilər.

Böyrək daşının növləri hansılardır?

Kalsium daşları (Kalsium oksalat, Kalsium Fosfat və s.)

  • Ən çox rast gəlinən böyrək daşı növüdür. Diet, yüksək dozada D vitamini qəbul edilməsi, bağırsaqlarda bypass və digar əməliyyatlar, sarkoidoz xəstəliyi olanlarda sidikdə kalsium və oksalatın miqdarı artıra bilər.
  • Oksalatdan zəngin qidaların (ispanaq, pomidor, fındıq, kaju, fıstıq, kartof, şokolad, dondurma) istifadəsi azaltılmalı, oksalat miqdarının az olduğu taxıl, lifli qidalar, meyvə və tərəvəz qidalanmada ön planda olmalıdır. 
  • Oksalatdan zəngin bir qida yeyildiyi zaman kalsiumdan zəngin olan qidaların (süd, qatıq, kefir, pendir və s. ) istifadəsi daş əmələ gəlməsinin qarşısını alar.
  • C vitamini istifadəsinə diqqət edilməlidir. Günlük 1000mg’dan artıq istifadə olunmamalıdır.
  • Spirtli içkilərin istifadəsi azaltılmalıdır.
  • Duz istifadəsi dayandırılmalıdır: xörəklərə duz qoyulmadığına diqqət edilməli, şorabalar və hazır qidalarda duz miqdarı yüksək olduğu üçün yeyilməməlidir.
  • Qara çay və kofe istifadəsi azaldılmalı.
  • Heyvani zülalnan zəngin olan qidalar azaltılmalıdır. Günlük 120-150 gramdan artıq ət/balıq/toyuq yeyilməsi daş riskini artırır.

Struvite daşlar

Sidik yolu infeksiyalarından sonra maqnezyum, ammonyum və fosfatın birləşməsi ilə əmələ gəlir. Struvit daşları qadınlarda nisbətən daha çox görülür. B6 və magnezyum əksikliyi, isti havalar, maye qəbulunun az olması riski artırmaqdadır.

Urat turşusu daşları

Urat turşusu daşları ümumiyyətlə sidiyin turşuluğunun (pH <5.5)  normaldan çox olduğu zaman əmələ gəlir. Lazımi qədər su içilməməsi, Gut xəstəliyi, ət məhsullarının çox yeyilməsi, yüksək proteinli dietlərin istifadəsi, ximya müalicəsinin alınması urat turşusu daşı əmələ gəlmə ehtimalını artırır. 

Sistin daşları

Nadir görülən daş növü olsa da müalicə olunmadığı zaman qısa müddətdə təkrarlama ehtimalı yüksəkdir. Sərt daşlar olduğu üçün şok dalğa litotripsiyasından fayda görmə ehtimalı çox azdır.

Böyrəkləri qoruyacaq qidalar hansılardır?

  • Alma
  • Üzüm
  • Nar
  • Qarpız
  • Limon

Böyrək daşı diaqnozu necə qoyulur?

  Böyrək daşının diaqnozunda uroloqun ətraflı muayinəsi əhəmiyyətlidir. Simptomlar həkim üçün çox vaxt yetərlidir. Buna baxmayaraq dəqiqləşdirmək üçün bəzi analizlər və radioloji metodlarından istifadə olunur. 

Qanın və sidiyin ümumi analizi

Sidikdə qan və infeksiya olmasına baxılır. Eyni zamanda sidiyin pH’ına baxılaraq turşuluğu ölçülür. Ehtiyac olan xəstələrdə 24 saatlıq sidik toplanaraq olunan analizlərlə, yəni daş əmələ gəlməsinin qarşısını almaq üçün müalicə başlana bilər.

Ultrasəs muayinəsi

Böyrək daşlarının diaqnozunın qoyulmasında əsas müayyinə üsuludur. Amma kiçik ölçülü daşlar və sidik axarının orta 1/3 yerləşən daşlar bəzi hallarda görsənməyə bilər.

Kompyuter tomoqrafiyası

Kiçik daşlar daxil olmaqla sidik-ifrazat sistemindəki daşların yeri, ölçüsü, sərtliyi və s. məlumatlar haqqında məlumat verir. Xüsusilə cərrahi müdaxilə olunacaq xəstələrdə ən çox istifadə edilən metoddur.

Ekskretor uroqrafiya

Bir rentqenoloji metoddur. Venadaxili kontrast maddə verilərək böyrəklərin funksional vəziyyətini dəyərləndirməyə imkan yaradır.

Daşın spektral analizi

Sidik yollarından daş düşən zaman və ya əməliyyat zamanı xaric edilmiş daşın tərkibinin dəqiq müəyyən etməyə imkan verir. Əməliyyatdan sonrakı dövrdə metafilaktikanın düzgün aparılmasında çox vacib olan müayyinə üsuludur.

Böyrək daşı böyrəklərimə zərər vərərmi?

Böyrək daşları uzun  müddətdə böyrəklərə ciddi zərərlər verə bilər. Xüsusilə təkrarlanan böyrək daşları infeksiyaya səbəb olarsa, sidik axarını tıxayarsa və müalicədə gecikilərsə böyrəyin tamamilə funksiyasını dayandırmasına gətirib çıxara bilər.

Böyrək daşına hansı hallarda əməliyyat lazımdır?

Hər böyrək daşı üçün əməliyyata ehtiyac olmaya da bilər. Çox su istifadəsi, dərman müalicəsi kimi tədbirlərə baxmayaraq xaric olmayan və parçalanmayan böyrək və sidik yolu daşlarında əməliyyatın icrasına ehtiyac yaranır.

  • Şiddətli ağrı və infeksiyaya səbəb olan böyrək daşları
  • Müalicə ilə düşməsi mümkün olmayan böyrək daşları
  • Qanaxmaya səbəb olan böyrək daşları
  • Böyrəkdə funksiya itkisinə səbəb ola biləcək böyrək daşları
  • Tam tıxanma yaradan böyrək daşları və s.

Hazırladı: ATU-nun urologiya kafedrasının rezidenti Zahid Azayev