Cinsi yolla keçən infeksiyalar

cinsi yolla kecen xestelikler

Cinsi yolla keçən xəstəliklər hansılardır?

Cinsi yolla keçən xəstəliklər vaginal, anal yolu ilə insandan insana keçən və müalicə edilməsi lazım olan ciddi xəstəliklərdir. Bununla bərabər bəzən bu xəstəliklər süd verərkən, ortaq iynə istifadəsi və hətta nəmli əşyalarla təmas yolu ilə də keçə bilər.

Cinsi yolla keçən xəstəliklər törədici mikroorqanizmlərə görə aşağıdakı əsas qruplara bölünür:

Cinsi yolla keçən bakteriyalar

• Gonoreya
• Sifilis
• Xlamidya

Cinsi yolla keçən parazitlər

• Trixomoniyaz

Cinsi yolla keçən viruslar

• İnsan papilloma virusu HPV
• İnsanın İmmunçatışmazlığı Virusu HIV

Cinsi yolla keçən xəstəliklərin simptomları nədir və özünü nə zaman göstərir?

 Cinsi yolla yoluxan xəstəlik əlamətləri xəstəliyə bağlı olaraq dəyişir. Bəzi xəstəliklərdə simptomlar bir neçə gün və ya bir neçə həftə içərisində yarana bilir, lakin bəzən aylar, hətta illər sonra belə ortaya çıxan xəstəlik əlamətləri də vardır. Bəzi insanlar isə çox yüngül və ya heç bir əlamət göstərmədikləri üçün özlərinin cinsi yolla yoluxan bir xəstəlik daşıdığını bilməzlər. Fərqli xəstəliklərdə fərqli əlamətlər müşahidə edilsə də ümumi olaraq cinsi yolla yoluxan xəstəliklərin əlamətləri aşağıdakı kimi sıralana bilər:

• Sidiyə çıxarkən və ya cinsi əlaqə zamanı ağrı,
• Alt qarın nahiyyəsində ağrı,
• Bəzi hallarda qızdırma və halsızlıq,
• Bəzi xəstəliklərdə xəstəliklərə xas cild yaraları,
• Genital orqanlarda müşahidə edilən lezyon və yaralar,
• Genital orqanlardan gələn fərqli qoxulu və rəngli axıntılar.

Cinsi yolla keçən xəstəliklərə yoluxma zamanı hansı testlərdən istifadə edilir?

Müasir laboratoriyalar cinsi infeksiyaların bir neçə diaqnostika üsulunu təklif edir, hansı ki, yüksək spesifiklik və dəqiqliyilə seçilir. Onlar təkcə törədicini aşkarlamır, həm də, onun koloniya əmələ gətirmə qabiliyyətini qiymətləndirir. Bu göstərici daşıyıcılıq və ya aktiv infeksiyanı təyin etməyə imkan verir. Bu ona görə lazımdır ki, mikroorqanizmin növündən asılı olaraq, müalicə və ya müşahidə tələb oluna bilər.

Cinsi infeksiyalara görə hansı analizlərin verilməli olduğu müayinənin məqsədindən və hər bir törədicinin xüsusiyyətlərindən asılıdır. 

Cinsi yolla keçən xəstəliklərin diaqnostikası aşağıdakı üsullarlarla aparıla bilər:

  • qadının uşaqlıq yolu və uretrasından yaxma 
  • kişinin uretrasından yaxma;
  • mikrobları aşkar etmək üçün bakterial əkilmə;
  • göbələk infeksiyalarını müayinə etdikdə mikoloji analiz;
  • virusoloji müayinələr;
  • immunoferment analiz – İFA;
  • zəncirvari polimeraza reaksiyası – PZR

Cinsi yolla keçən xəstəliklərdən necə qorunmaq olar?

Cinsi yolla yoluxan xəstəlik riskinin qarşısının alınmasının və azaldılmasının bir neçə yolu vardır. Aşağıda fərqli hallar üçün tətbiq edilə biləcək cinsi yolla yoluxan xəstəliklərdən qorunma üsulları yer almışdır:

Xəstəliyi olmayan bir partnyorla yaşam.

Tək bir partnyorla uzun zaman əlaqələr cinsi yolla yoluxan xəstəliklərin qarşısını almaq üçün ən yaxşı yollardan biridir.

Cinsi partnyor dəyişikliyində hər iki tərəfin də özünü test etdirməsi

Yeni bir əlaqə başlanğıcında cütlüklərin bir-birlərinə qarşı açıq və səmimi olması və hər iki tərəfin gözləyərək test etdirməsi ola biləcək yoluxmanın qarşısının alınması baxımından vacibdir.

Peyvənd etdirmək

Cinsi əlaqədən öncə peyvənd etdirmək müəyyən cinsi yolla yoluxan xəstəliklərin qarşısını almaqda təsirlidir. Bu xəstəliklərə nümunə olaraq Hepatit A və Hepatit B, HPV göstərmək mümkündür.

Prezervativi doğru istifadə etmək

Hər əlaqə üçün yeni bir lateks prezervativ istifadə etmək lazımdır. Lateks prezervativlər heç bir zaman vazelin kimi maddələrlə birlikdə istifadə edilməməlidir. Prezervativlərin çoxu cinsi yolla yoluxan xəstəliklərə məruz qalma riskinizi azaldarkən HPV və ya herpes kimi genital yaralar tərkibli xəstəliklərdə çox qoruma təmin etməz. Ayrıca doğum kontrol dərmanları və ya intrauterine cihazlar kimi bariyer olmayan doğum kontrol üsulları cinsi yolla yoluxan xəstəliklərə qarşı qoruma təmin etməz.

Həddən artıq spirtli içki qəbul etməmək və narkotik maddə istifadə etməmək

Hər hansı bir narkotik maddənin təsiri altında olmaq cinsi əlaqə öncəsində doğru qərarlar vermənizə mane ola bilər. Bu səbəblə bu əlaqələr cinsi yolla yoluxan xəstəlik ehtimalını artırır.

Sünnət olmaq

Aparılan araşdırmalar sünnət olmanın bir kişinin HİV daşıyıcısı və ya xəstəsi olan bir qadından xəstəlik yoluxma riskini 60%-ə qədər azalda biləcəyinə dair sübutlar təqdim edir. Sünnət olmaq ayrıca olaraq genital HPV və genital herpes ötürülməsinin qarşısının alınmasına köməkçi ola bilir. 

Hazırladı: ATU-nun urologiya kafedrasının rezidenti Zahid Azayev