Fəaliyyət İstiqaməti
Endourologiya sahəsi urogenital orqanlarda icra olunan endoskopik, laparoskopik və robot yardımlı ilə uroloji əməliyyatları və eyni zamanda radioloji müayinələr altında minimal invaziv proseduraların aparılmasının öyrənilməsini və icrasını özündə birləşdirir. Dünyada ilk dəfə Endouroloji cəmiyyəti 1984-cü ildə yaradılaraq, bu sahədə tədrisin, təlimlərin, tədris vasitələri, jurnallar və məqalələrin çap edilməsinə geniş şəkildə başlanılmışdır. Bununla da Endourologiya sahəsi dünyada daha da sürətlə inkişaf etmiş, endoskopik, laparoskopik, robot yardımlı uroloji əməliyyatların, zərbə-dalğa litotripsiyanın və radioloji müayinələr nəzarəti altında minimal invaziv proseduraların icrasının uroloji praktikada geniş halda tətbiq edilməsinə töhfə vermişdir. Endourologiya sahəsi həm bəd xassəli və də xoş xassəli uroloji patologiyaların müalicəsində günümüzdə əsas aparıcı rol oynayır və bir çoxunun cərrahi müalicəsində “qızıl standart” hesab edilir.
Əsas Məqsədimiz
- Cəmiyyətin məqsədi Azərbaycanda endourologiya sahəsində tibb elmini və təcrübəsini, müasir müayinə və müalicə metodlarını geniş təbliğ və tətbiq etməklə, həkimlərin və digər tibb işçilərinin elmi-təcrübi peşəkarlığının artırılmasına yardım etməklə əhaliyə səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.
- Həmin məqsədə çatmaq üçün Cəmiyyət öz fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:
- beynəlxalq endouroloji cəmiyyətlərlə əməkdaşlığı qurmaqla endourologiya sahəsində ən müasir elmi nailiyyətlərlə tanış olub, onların Azərbaycanda yayılması və tədrisi;
- inkişaf etmiş ölkələrdə endourologiya sahəsində olan müasir müalicə və müayinə metodlarının öyrənilib, ölkəmizdə geniş təbliğ və tətbiq edilməsi;
- gənc uroloqların və urologiya üzrə rezidentura təhsili alan həkimlərin müxtəlif beynəlxalq endouroloji, laparoskopik və robotik kurslarda iştirakına dəstək olunması;
- endourologiya sahəsində elmi konfransların, mühazirə və seminarların keçirilməsi;
- endourologiya sahəsində elmi əsərlərin, məqalələrin dərc edilməsi, müalicə üsulları və metodikaları üzrə qabaqcıl təcrübənin işıqlandırılması üçün Endouroloji Jurnalın və ona müvafiq veb-saytın yaradılması;
- gənc alimlər, həkimlər, orta və kiçik tibbi personal, tələbələr və digər maraqlı şəxslər üçün endourologiya sahəsində təlim-təhsil kurslarının təşkili;
- endourologiya sahəsində xarici dillərdə nəşr olunmuş elmi əsərlərin, metodiki vasitələrin, təlimatların, məqalələrin və digər materialların azərbaycan dilinə tərcümə edilib nəşrinin və yayılmasının təşkili.