Sistit

qadinlarda sistit xesteliyi mualicesi

Sistit nədir?

Sistit–sidik kisəsinin selikli qişasının iltihabıdır, hansı ki əksər hallarda infeksiya nəticəsində yaranır. Bu xəstəliyə həm kişilərdə, həm də qadınlarda rast gəlinir, lakin qadın orqanizminin anatomik xüsusiyyətlərinə görə daha çox qadınlarda rast gəlinir. Məsələ ondadır ki, qadınlarda sidik kanalı kişilərlə müqayisədə daha qısa ve genişdir, buna görə də törədici üçün sidik kisəsinə düşmək daha asandır.

Sistitin əlamətləri nədir?

  • Yüksək bədən temperaturu;
  • Zəiflik, tez yorulma;
  • Sidik ifrazı zamanı sidik kisəsinin boşaldılmasının sonunda güclənən ağrı;
  • Tez-tez sidik ifraz etmək istəyi (təxminən hər yarım saatdan bir);
  • Qarnın aşağı hissəsində, qasıq nahiyəsində ağrılar;
  • Sidik ifrazından sonra sidik kisəsinin tam boşalmaması hissi;
  • Sidiyin bulanıq olması (qan qatışığı ola bilər);
  • Sidik ifrazı zamanı sidik kanalından irinli ifrazatlar;
  • Fertil yaşda olan qadınlarda menstrual dövrün pozulması.

Sistitin səbəbləri nələrdir

Sistitin infeksion və qeyri-infeksion səbəbləri ola bilər. Sidik kisəsinin yoluxması dörd yolla baş verə bilər:

  • Enən yol (anteqrad) (İnfeksiya iltihablanmış böyrəkdən nüfuz edir).
  • Qalxan yol (retroqrad) (İnfeksiya agentləri sidik kisəsinə xarici mühitdən düşür).
  • Limfogen (infeksiya adətən iltihablanmış cinsi orqanlardan düşərək limfatik damarlar vasitəsi ilə hərəkət edir).
  • Hematogen (infeksiya qan axını ilə yayılır və sidik kisəsinə ayrı-ayrı irinli ocaqlardan düşür).

Sistitin qeyri-infeksion səbəblərinə aşağıdakılar aid edilir:

  • Sidik kisəsinin selikli qişalarının iltihablanması şəklində təzahür olunan allergik reaksiya;
  • İmmun və sinir sistemlərinin fəaliyyətində pozuntular;
  • Kimyəvi yanıqlar (tibbi personalın və ya pasiyentin diqqətsizliyi nəticəsində həkim tərəfindən təyin olunmuş preparatlar əvəzinə başqa preparatların birbaşa sidik kisəsinə vurulması);
  • Qarnın aşağı hissəsində, qasıq nahiyəsində aparılan şua terapiyası.

Sistitin inkişaf etmə riskini artıran amillər arasında aşağıdakıları qeyd etmək olar:

  • Azhərəkətli həyat tərzi;
  • Orqanizmin hipotermiyası;
  • Dar alt paltarlarının geyilməsi;
  • Cinsi partnyorların tez-tez dəyişdirilməsi, maneəli kontrasepsiya üsullarının istifadəsindən imtina;
  • Şəxsi gigiyena qaydalarına riayət etməmə;
  • Daxili orqanların xroniki xəstəlikləri;
  • Həddindən artıq yorulma, hipovitaminoz;
  • Sidik kisəsinin boşaldılması ilə bağlı pozuntular;
  • Orqanizmin müdafiə qüvvələrinin azalması;
  • Sidik kisəsində yad cisimlərin olması;
  • Həkim manipulyasiyaları – kateterizasiya, uretroskopiya.

Sistitin diaqnostikasında hansı müayinələrdən istifadə olunur?

Sistitin diaqnostikası klinik və laborator müayinələrdən ibarətdir. Əvvəlcə həkim pasiyentin şikayətlərini dinləyir və onun qarnını palpasiya edir (qarnın üstündən basıldıqda xəstə ağrı hiss edir).

Daha sonra aşağıdakı analizlər və müayinələr həyata keçirilir:

  • Sidiyin ümumi analizi (onun sıxlığı, rəngi və bəzi başqa parametrləri araşdırılır).
  • Qanın ümumi analizi (iltihabi prosesin simptomlarının müəyyən edilməsinə yönəlib – EÇS-in (Eritrositlərin çökmə sürətinin) və leykositlərin səviyyəsinin yüksəlməsi).
  • Qanın biokimyəvi analizi (qanın tərkibində duzların, zülalın, nitratların və s. miqdarı müəyyən edilir).
  • Sistit törədicisinin aşkarlanması və onun antibakterial preparatlara qarşı həssaslığının müəyyən edilməsi üçün sidiyin əkilməsi müayinəsi.
  • Cinsi yolla ötürülən infeksiyalara (kandidoz, mikoplazmoz, trixomoniaz, ureaplazmoz, süzənək (qonoreya), qardnerellez, xlamidioza görə analizlər).
  • Sidik axınının müayinəsi (urofloumetriya).
  • Böyrəklərin, sidik kisəsinin USM-i (sidik kisəsinin və onun ətrafındakı toxumaların ölçülərini, formasını və vəziyyətini müəyyən etməyə imkan verir).
  • Uroloji müayinə.
  • Biopsiya ilə sistoskopiya. Sistoskop daxil edilir və orqanın divarından nümunə götürülür, daha sonra isə o mikroskop altında müayinə edilir.

Sistitin profilaktikası necə aparılır?

Sistitin yaranmasının qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:

  • Sidik kisəsini vaxtında boşaltmaq;
  • Hipotermiyaya yol verməmək, hava şəraitinə uyğun paltar geyinmək;
  • Şəxsi gigiyena qaydalarına riayət etmək;
  • Menstrual qanaxma zamanı tamponları/bezləri vaxtında dəyişmək;
  • Yalnız neytral, zərərsiz yuyucu vasitələrdən istifadə etmək;
  • Gündə ən azı 1,5 litr maye qəbul etmək;
  • Keyfiyyətli təbii parçalardan hazırlanmış rahat alt paltarları geyinmək;
  • Düzgün qidalanmaq, bağırsağın fəaliyyətini normallaşdırmaq;
  • Spirtli içkilərin həddindən artıq qəbulundan imtina etmək.

Hazırladı: ATU-nun urologiya kafedrasının rezidenti Şəmsəddin Məsimov